Bu gün, çərşənbə axşamı fevralın 20-də Almaniya yığmasının sabiq futbolçusu Andreas Breme 63 yaşında dünyasını dəyişib.
Arena.az məlumat verir ki, bu barədə ilk olaraq “Bild” nəşri məlumat yayıb.
Bildirilir ki, Breme Bazar ertəsindən Çərşənbə axşamına keçən gecə Münhendə ürəktutması nəticəsində dünyasını dəyişib. Andreas xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, Breme 1990-cı il dünya çempionatının finalında Argentina yığması ilə oyunda bundestimin qələbə qolunun müəllifi olmuşdu. Həmin oyunda Breme penaltini dəqiq yerinə yetirmiş və Almaniya yığmasının Maradonanın Argentinası üzərində 1:0 hesablı qələbəsini təmin etmişdi
Andrea Breme futbolçu ikən sol müdafiəçi, sol cinah müdafiəçisi, dayaq yarımmüdafiəçisi mövqelərində çıxış edib. Andreas “Bayern”, “Kayzerslautern”, “İnter”, “Saraqosa” komandalarının şərəfini qoruyub. Alman futbolçu “Kayzerslautern”in əfsanələrindən hesab edilir. Breme “qırmızı şeytanlar”ın heyətində 319 oyun keçirib, 53 qol vurub, 19 məhsuldar ötürmə verib.
Breme Almaniya yığmasında 1984-cü il fevralın 15-də debüt edib, bundestimlə 86 oyun keçirib, 8 qol vurub və 12 məhsudlar ötürmə verib.


