İngiltərənin “Arsenal” klubunun yarımmüdafiəçisi Deklan Rays UEFA Çempionlar Liqası matçında cərimə zərbəsindən dubl edən beşinci futbolçu olub.
Arena.az bu barədə “Global Soccer Awards”a istinadən xəbər verir.
26 yaşlı ingilis futbolçu bunu turnirin ötən gün baş tutmuş ÇL-in 1/4 final mərhələsinin “Real”la (İspaniya) ilk matçında (3:0) reallaşdırıb. Rays bu matçın 58-ci və 70-ci dəqiqələrində fərqlənib. Daha əvvəl Rivaldo, Kristiano Ronaldo, Neymar və Hakim Ziyeş də UEFA Çempionlar Liqası matçlarında cərimə zərbələrindən dubla imza atmışdılar.
“Real”la oyun Deklan Rays ilə yanaşı, “Arsenal” üçün də əlamətdar olub. Belə ki, İngiltərə klubu UEFA Çempionlar Liqasında son 20 ildə ən uzun məğlubiyyətsizlik seriyasına imza atıb. “Arsenal” sözügedən matçdan sonra 2004/2005-ci illər mövsümündən bəri ən uzun məğlubiyyətsizlik seriyasını reallaşdırıb. Komanda cari mövsümdə keçirdiyi 7 qarşılaşmanın 6-da qələbə qazanıb, 1-də isə heç-heçə edib.
İngiltərə klubu hələ ÇL-in qalibi olmayıb. Komanda sonuncu dəfə 2006-cı ildə turnirin finalında çıxış edib.
Qeyd edək ki, komandalar arasında cavab matçı aprelin 16-da Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.


