Bu gün növbəti mövsümdən futbol üzrə Birinci Liqada mübarizə aparacaq “Difai” komandasının təqdimat mərasimi keçirilib.
Arena.az xəbər verir ki, “Sky Hotel”in konfrans zalında baş tutan mərasimdə AFFA, PFL, Gənclər və İdman Nazirliyinin rəsmiləri, eləcə də ölkənin aparıcı media qurumlarının nümayəndələri iştirak ediblər.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb, həmçinin şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Klub prezidenti Asəf Məlikov tədbirin rəsmi hissəsini giriş sözü ilə açıb qonaqları salamladıqdan sonra “Difai”nin yaradılmasının məqsədi haqda danışıb:
“Əsas məqsədimiz bu adı yaşatmaq idi. 2018-ci ildə “Difai” İdman Klubu yaradıldı. Əsas idman növləri qılıncoynatma və əlil arabasında qılıncoynatma olub. 2022-ci ildə “Difai” Futbol Klubu yaradılaraq futbol ailəsinə qoşuldu. Müharibə iştirakçılarını və qazilərini ətrafımızda toplayaraq belə bir klub yaratdığımıza görə xoşbəxtik. 1 il ərzində bizə dəstək olan AFFA və PFL rəsmilərinə, AGİN rəhbərliyinə, eləcə də bütün media işçilərinə təşəkkürümü bildirirəm”.
Klub rəhbərinin çıxışından sonra PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev də söz alıb. O, bu komandanın ən qısa zamanda Premyer Liqada və avrokuboklarda iştirak edəcəyinə inandığını dilə gətirib.
Tədbirin davamında klubun himni Azərbaycan Respublikasının Əməkdar artisti Elşən Rüstəmov tərəfindən səsləndirilib.
Xatırladaq ki, Ağsunu təmsil edəcək bu komanda Birinci Liqanın 2023/2024 mövsümünün ilk turunda MOİK-lə qarşılaşacaq. Bu komandalar arasındakı görüşə Ağsu təmsilçisi ev sahibliyi edəcək.






