Niderlandlı sabiq yarımmüdafiəçi Dirk Kuyt ispan mütəxəssis Xabi Alonsonun mersisaydlıları çalışdırmaqdan imtina etməsindən danışıb.
Arena.az Kuytun bu barədə fikirini təqdim edir:
“Mən Xabi ilə “Liverpul”da işləmək barədə danışmamışam, ona görə də onun bu barədə nə düşündüyünü dəqiq bilmirəm. Ancaq “Liverpul” kimi bir klub sizə zəng edəndə və onlarla ortaq bir tarixçəniz varsa, imtina etmək üçün əsl kişi olmaq gərəkdir”, deyə Dirk Kuyt vurğulayıb.
Xatırladaq ki, Xabi Alonso 2022-ci ilin oktyabrından Almaniyanın “Bayer” komandasına rəhbərlik edir. İspan mütəxəssisin “əczaçılar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. “Bayer” 42 yaşlı Xabi Alonsonun məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klubdur. Buna qədər Alonso “Real” və “Real Sosyedad”ın müxtəlif sistemlərində çalışıb.
Xabi futbolçu karyerası ərzində “Real Sosyedad”, “Liverpul”, “Real” və “Bayern”də çıxış edib.
2023/2024 mövsümündə Xabi Alonsonun çalışdırdığı “Bayer” Almaniya Bundesliqasının qalibi olub. “Əczaçılar” həmçinin Almaniya Kubokunun finalında “Kayzerslautern”i 1:0 hesabı ilə məğlub edərək, ölkə kubokunu qazanıblar. Qitə miqyasında isə “Bayer” uğurla çıxış etdiyi Avropa Liqasının finalına yüksəlib və burada gözlənilmədən “Atalanta”ya 0:3 hesabı ilə məğlub olub.
“Bayer” Bundesliqada bütün mövsümü məğlubiyyətsiz başa vurmaqla, yarışın tarixində bir ilkə imza atıb. Beləliklə, “əczaçılar” XXI əsrdə Avropanın böyük futbol beşliyi milli birinciliklərinin komandaları arasında mövsümü məğlubiyyətsiz başa vurmuş 3-cü komanda kimi tarixə düşüblər. “Bayer”ə qədər müvafiq nailiyyətə “Arsenal” (2003/2004-cü illər mövsümü) və “Yuventus” (2011/2012-ci illər mövsümü) imza atmışdılar.
Həmçinin “Bayer” 2023/2024 mövsümündə 51 oyundan ibarət məğlubiyyətsiz oyunlar silsiləsinə nail olub ki, bu da mütləq Avropa rekordudur.


