Serbiyanın paytaxtı Belqradda keçirilən boks üzrə dünya çempionatı davam edir. Arena.az xəbər verir ki, bu gün mundialda 1/8 final mərhələsinə start verilib.
Mərhələnin ilk günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxıb. Boksçumuz Alfonso Dominqes (86 kq) AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymanidən sonra rumıniyalı Pol Aradoae ilə qüvvəsini sınayıb. Avropa Oyunlarının qalibi bu dəfə də rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:27, 29:28) hesabı ilə məğlub edib. O, 1/4 finalda rusiyalı Şarabutdin Atayevlə döyüşəcək. Görüş noyabrın 2-də baş tutacaq.
Yonas Yazeviçiusi (Litva) mübarizədən kənarlaşdıran Məhəmməd Abdullayev 1/8 finalda Vladan Babiçlə (Serbiya) üz-üzə gəlib. +92 kq çəki dərəcəsində gücünü yoxlayan təmsilçimiz döyüşü 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə aktivinə yazıb. O, noyabrın 2-də təşkil olunacaq 1/4 finalda hindistanlı Narender münasibətinə aydınlıq gətirəcək.
Sərxan Əliyev (71 kq) startda Stefen Nevnsi (Şotlandiya) məğlub etdikdən sonra bu gün Yuta Akiyama (Yaponiya) ilə qüvvəsini sınayıb. Görüş boksçumuzun qələbəsi ilə yekunlaşıb – 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28). O da növbəti döyüşünü noyabrın 2-də keçirəcək.
İlk iki döyüşündə müvafiq olaraq Çarles Petit-Homm (Haiti) və italiyalı Simone Spada üzərində qələbə qazanan Tayfur Əliyev (60 kq) üçüncü sınağında Arslan Xatayevlə (Finlandiya) ilə qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə yekunlaşdığından idmançımız mundialla vidalaşıb.
Dünya çempionatının səkkizinci günündə yığmamızın daha 2 boksçusu 1/8 final görüşünə çıxacaq. Məsud Yusifzadə (51 kq) puerto-rikolu Yankiel Rivera ilə, Mirşərif Kazımzadə (75 kq) özbəkistanlı Səidcəmşid Cəfərovla döyüşəcək.
Bu dünya çempionatı ilk dəfə 13 çəki dərəcəsində təşkil olunub. Mundialda 105 ölkədən 650 idmançı iştirak edir. 2 600 000 ABŞ dolları mükafat fondu olan yarışda çempion olacaq boksçular 100 000 dollar qazanacaq. İkinci yerin sahibi 50 000 dollar, üçüncü pilləni tutacaq boksçu 25 000 dollar mükafat alacaq.


