Dünya çempionatı: Daha bir boksçumuz 1/4 finalda!

Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı davam edir. Arena.az xəbər verir ki, bu gün 1/8 final mərhələsinə yekun vurulub.

Mərhələnin ikinci günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb. Monqolustanlı Enxmandağ Xarxuunu mübarizədən kənarlaşdıran Məsud Yusifzadə (51 kq) bu gün 1/8 finalda puerto-rikolu Yankiel Rivera ilə döyüşüb. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28). O, növbəti qarşılaşmasını noyabrın 2-də tailandlı Tanarat Saengfetə qarşı keçirəcək.

1/16 finalda Soma Mesterə (Macarıstan) qalib gələn Mirşərif Kazımzadə (75 kq) ikinci sınağında Səidcəmşid Cəfərovla (Özbəkistan) gücünü yoxlayıb. Görüş rəqibin qələbəsi ilə yekunlaşdığından boksçumuz dünya çempionatında çıxışını dayandırıb.

Sabah baş tutacaq 1/4 finalda Azərbaycan millisinin 4 üzvü rinqə çıxacaq. Yusifzadədən başqa, Sərxan Əliyev (71 kq) Obed Bartilə (ABŞ), Alfonso Dominqes (86 kq) Şarabutdin Atayevlə (Rusiya) və Məhəmməd Abdullayev (+92 kq) Narenderlə (Hindistan) münasibətinə aydınlıq gətirəcək.

Bu dünya çempionatı ilk dəfə 13 çəki dərəcəsində təşkil olunub. Mundialda 105 ölkədən 650 idmançı iştirak edir. 2 600 000 ABŞ dolları mükafat fondu olan yarışda çempion olacaq boksçular 100 000 dollar qazanacaq. İkinci yerin sahibi 50 000 dollar, üçüncü pilləni tutacaq boksçu 25 000 dollar mükafat alacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: