Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı davam edir. Arena.az xəbər verir ki, mundialın altıncı günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.
Boksçumuz Mirşərif Kazımzadə (75 kq) 1/16 finalda Soma Mesterlə (Macarıstan) gücünü yoxlayıb. Görüş təmsilçimizin qələbəsi ilə başa çatıb – 5:0 (30:26, 30:27, 30:26, 30:27, 30:27). O, növbəti qarşılaşmasına noyabrın 1-də çıxacaq. Kazımzadə özbəkistanlı Səidcəmşid Cəfərovla üz-üzə gələcək.
İlk döyüşündə Xuan Reyes Donisə (Qvatemala) qalib gələn Malik Həsənov (63,5) ikinci görüşündə Ovannes Baçkovla (Ermənistan) üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb.
Mundialın yeddinci günündə 4 boksçumuz 1/8 final görüşünə çıxacaq. Tayfur Əliyev (60 kq) Arslan Xatayevlə (Finlandiya), Sərxan Əliyev (71 kq) Yuta Akiyama (Yaponiya) ilə, Alfonso Dominqes (86 kq) Pol Aradoae (Rumıniya) ilə və Məhəmməd Abdullayev (+92 kq) Vladan Babiçlə (Serbiya) qüvvəsini sınayacaq.
Bu dünya çempionatı ilk dəfə 13 çəki dərəcəsində təşkil olunub. Mundialda 105 ölkədən 650 idmançı iştirak edir. 2 600 000 ABŞ dolları mükafat fondu olan yarışda çempion olacaq boksçular 100 000 dollar qazanacaq. İkinci yerin sahibi 50 000 dollar, üçüncü pilləni tutacaq boksçu 25 000 dollar mükafat alacaq.


