Dünya çempionatında uğur qazanan bokçularımız Bakıya qayıtdı

Serbiyanın paytaxtı Belqradda təşkil olunan dünya çempionatında 1 qızıl və 2 bürünc medal qazanan Azərbaycan yığması Bakıya qayıdıb.

Arena.az xəbər verir ki, boksçularımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Boks Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları və bokssevərlər qarşılayıblar. Onlar mükafatçılarımız üçün müxtəlif xoş şüarlar səsləndiriblər.

Milli komandamızın baş məşqçisi Umberto Orta Dominqes mundialın Azərbaycan millisi üçün uğurlu alındığını vurğulayıb. O qeyd edib ki, federasiyanın yaratdığı şərait boksçularımızın inamlı çıxışında böyük rol oynayıb: “Çox güclü yarış keçdi. Dünya çempionatında 88 ölkədən 500-dən çox boksçu iştirak etdi. Elə bir mundial oldu ki, hər bir idmançı 5 və ya 6 görüş keçirməli idi. Keçirdiyimiz gərgin təlim-məşq toplanışlarının sayəsində bu medalları əldə edə bildik”.

“2 illik zəhmətimizin bəhrəsini gördük”

Təcrübəli mütəxəssisin sözlərinə görə, 3 döyüşdəki məğlubiyyət baş məşqçi kimi ona təsir edib: “Tayfur Əliyevin 1/8, Məsud Yusifzadə 1/4 və Məhəmməd Abdullayevin 1/2 final görüşlərini nəzərdə tuturam. Onlar layiq olduqları qələbə ilə qiymətləndirilsəydi, medallarımızın sayı və əyarı müxtəlif ola bilərdi. Buna baxmayaraq, özümüzü xoşbəxt hiss edirik. 2 illik zəhmətimizin bəhrəsini gördük və bizim üçün ən önəmlisi budur. Bu nəticəni daha da yaxşılaşdırmaq üçün davam etməliyik”.

Kubalı baş məşqçi rinqdən kənarda aqressiv olmasına da aydınlıq gətirib: “Bu, idmandır və məşqçiyə aid olan xüsusiyyətdir. Məqsəd boksçuların rinqdə dediklərimi etməsi üçündür. Onlara qarşı hansısa təzyiq deyil. Əksinə daha da irəli getmələrinə hesablanan addımdır. Gələcək hədəflərimiz daha yüksəkdir. Paris Yay Olimpiya Oyunlarında məqsədimiz 2 qızıl medal qazanmaqdır. Ən azından dünya çempionatında qazandığımız mükafatlarla özümüz üçün yolu açdıq”.

Dünya çempionatında qızıl medal qazanan Alfonso Dominqes sevincinin həddi-hüdudunun olmadığını bildirib. O vurğulayıb ki, Serbiyada Zəfər Günü ərəfəsində Azərbaycan himnini səsləndirməsindən gözəl duyğu ola bilməz: “Yarışla bağlı təəssüratlarım əladır. Bir az yorğunluq var, çünki döyüşlərimin sayı çox oldu. Amma buna baxmayaraq, inamlı çıxış sayəsində lazımı uğuru qazandım. Bu, Zəfər Günü ərəfəsində olduğu üçün çox sevincliyəm. Bir daha şəhidlərimizə allahdan rəhmət diləyir, qazilərimizə şəfa diləyirəm. Bu uğuru da şəhidlərimizə həsr edirəm”.

O, yarımfinalda kubalı Ruis Kordoba ilə döyüşdən sonra rəqibinin əlini qaldırmasından da danışıb. Alfonsonun sözlərinə görə, həmyerlisi ilə münasibəti çox yaxşıdır: “Biz rinqdən kənarda dostuq. Amma döyüşdə mən Azərbaycanı, o Kubanı təmsil edir. Bu səbəbdən də görüşdə mübarizə aparmalıyıq. Olimpiadada qızıl medal qazana bilmədim, bürünc mükafat əldə etdim. Bundan sonra artıq dünya çempionatının hazırlığına başladım. Öz üzərimdə işləyərək, qızıl medal qazandım. İnanıram ki, uğurun ardını gətirəcəyəm”.

“Bir nömrəyə çevriləcəyəm”

71 kq çəki dərəcəsində bürünc medal qazanan Sərxan Əliyev də yarışla bağlı təəssüratların yaxşı olduğunu deyib: “Dünya çempionatına komandamız yaxşı hazırlaşmışdı. Hər birimiz özümüzə inanırdıq. Məhz bu inamın nəticəsində komanda hesabında 6-cı yeri tutduq. Bu çox böyük nailiyyətdir. Mən də yeni çəkidə mübarizə aparırdım və özümə güvənirdim. Bunun da nəticəsini gördüm. Böyüklər arasında qatıldığım ilk dünya çempionatında bürünc medala sahib oldum. Mükafatımın əyarı qızıl da ola bilərdi. Kiçik səhvlər nəticəsində belə alındı. Amma bundan sonrakı yarışlarda daha yaxşı olacağına inanıram. Yarımfinaldakı məğlubiyyətimə gəlincə, hər şey mən istəyən kimi gedirdi. Düzgün taktika da seçmişdim. Amma bir az yoruldum, dözümlük çatmadı. O da məşqlərlə aradan qaldırılası bir şeydir. Yeni çəki mənim üçün uğurlu oldu və bunu da aradan qaldırıb, inşallah, bir nömrəyə çevriləcəyəm”.

O, qardaşı Tayfur Əliyevlə (60 kq) eyni gündə döyüşmələrinin həyəcanlı olduğunu da açıqlayıb: “Qardaşımın döyüşü olanda öz çıxışımdan daha çox həyəcanlanıram. Bu da bir tərəfdən yaxşıdırsa, digər tərəfdən pisdir. Həyəcan çox olur. Tayfur məğlub olduqdan 3-4 döyüş sonra rinqə mən çıxacaqdım. Həmin anda çox hisslər keçirdim. Özlüyümdə dedim ki, bu əziyyətimizi yerdə qoymayacam. Heç olmasa mən nailiyyət qazanım və bunu da bacardım”.

Millimizin digər bürünc medalçısı Məhəmməd Abdullayev (+92 kq) böyüklərin dünya çempionatında fəxri kürsüyə yüksəlməyin ona əlavə stimul verəcəyini bildirib: “Yarışa yaxşı hazırlaşmışdım. Gedişat püşkdən də asılı idi. Hər şey yaxşı gətirdi, döyüşlər normal gedirdi. Dünya çempionatı mənim üçün xeyirli oldu. Düzdür, çəkimdə sparrinq üçün rəqibim yoxdur. Bu mənim daha yaxşı olmağım üçün mənfi cəhətdir. Yarışlarda iştirakla döyüş keçirirəm. Yarımfinalda qələbə üçün nə çatmadı? Fikrimcə, rəqibdən öncə hakimləri udmaq lazımdır. Amma bu bürünc medal mənə əlavə stimul oldu. Qarşıda Olimpiada da var. Medal reytinq baxımından da mənə faydalıdır”.

“Bu, Azərbaycan boksu üçün böyük uğurdur”

Tayfur və Sərxan Əliyev qardaşlarının məşqçisi Firuz Novruzov yetirmələrinin uğuruna inam ifadə edib. O bildirib ki, çalışdırıcısı olduğu boksçular böyük uğur vəd edir: “Boksçularımıza təşəkkür edirəm ki, başımızı uca etdilər. Tayfur Əliyevin dünya çempionu olması üçün daha yaxşı şansları vardı. Qardaşı Sərxan da buna yaxın idi. Tayfur 1/8 final döyüşünün ikinci və üçüncü raundunda taktikasını bir az dəyişməli idi. Hücumda işləməli idi. Sərxan isə bir yoruldu. Yarımfinalın ikinci raundunda ukraynalı da bu səbəbdən onu üstələyə bildi. Amma Sərxanın bürünc medal qazanması Azərbaycan boksu üçün böyük bir uğurdur. Çünki finalda döyüşən Rusiya təmsilçisini belə asan keçə bilərdi. Artıq Sərxan dünya reytinqində də mövqeyini yüksəltdi. Təbii ki, Azərbaycanda da öz çəkisində bir nömrəyə çevirildi”.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatını 1 qızıl, 2 bürünc medalla başa vurub. Alfonso Dominges (86 kq) qızıl, Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayev isə (+92 kq) bürünc medal qazanıb.