Boks üzrə keçmiş dünya çempionu Qriqori Drozdun 13 yaşlı qızı Moskvanın Xoroşyovski rayonunda evin 13-cü mərtəbəsindən yıxılaraq ölüb.
Arena.az bu barədə “SHOT” “Telegram” kanalına istinadən məlumat verir.
Mənbənin məlumatına görə, hadisə dünən, noyabrın 12-də ailə münaqişəsindən sonra baş verib. Həmin vaxt bütün ailə mənzildə olub: iki valideyn və üç uşaq.
“Moskovski komsomolets”in məlumatına görə, münaqişəyə səbəb uşağın məktəbdə dərslərindən geri qalaraq zəifləməsi olub. Bu barədə söhbətdən sonra valideynlər yeniyetmə qızın mobil telefonunu əlindən almaq qərarına gəliblər.
Mübahisədən sonra qız başqa otağa keçib, valideynləri içəri baxanda isə pəncərənin açıq olduğunu, otaqda heç kimin olmadığını görüblər. Məktəbli qızın hündürlükdən yıxılma nəticəsində xəsarətləri olan meyiti evin pəncərələrinin altında tapılıb. Hadisə yerinə təcili yardım çağırılıb. Ancaq qızcığazın həyatını xilas etmək mümkün olmayıb, uşaq təcili yardım maşınında dünyasını dəyişib.


