“Real”ın və “Çelsi”nin sabiq vingeri Eden Hazard peşəkar futbolçu karyerasını bitirmək qərarına gəlməsinin səbəbini açıqlayıb.
Arena.az “L’avenir” dərgisinə istinadən Hazardın müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Mən həmişə deyirdim ki, oyundan həzz almadığımda oynamağı dayandıracağam. Mən sadəcə pul üçün oynayacağım yerə getmək istəmirdim. Məşqlərdən xoşlanmadım və daha meydana çıxmadım. Bu qərar sadə idi”, deyə Hazard bildirib.
Xatırladaq ki, Hazard ötən mövsümün sonunda “Kral klubu”nu tərk edəndən bəri işsiz idi. Azad agent statusunda olan futbolçuya MLS-dən (ABŞ) və Səudiyyə Ərəbistanı klublarından sərfəli təkliflər olsa da, Eden yaşıl meydanlara qayıtmaq istəməyib. Daha əvvəl mətbuatda yay transfer pəncərəsi zamanı belçikalı vingerin ən azı 6 komandadan imtina etdiyi barədə məlumat yayılmışdı.
Hazard karyerasının “Real” dönəmində “qaymaqlılar”ın heyətində 76 oyuna çıxıb, 7 qol vurub, 12 məhsuldar ötürmə verib. Eden “Real”la 2 dəfə İspaniya çempionatını (2019/2020, 2021/2022), İspaniya Kral Kubokunu (2022/2023), İspaniya Super Kubokunu (2021/2022), UEFA Çempionlar Liqasını (2021/2022), UEFA Super Kubokunu (2022/2023), FIFA Klub Dünya Kubokunu (2023) qazanıb. Buna rəğmən, futbol mütəxəssisləri böyük karyera vəd edən istedadı müqabilində Hazardın futbol dünyasının gözləntilərini tam doğrultmadığı qənaətindədirlər.
Eden Hazard 2008-ci ilin noyabrında debüt etdiyi Belçika yığmasının heyətində 126 oyuna çıxıb, 33 qol vurub, 36 məhsuldar ötürmə verib.
Xatırladaq ki, oktyabrın 10-da 32 yaşlı Eden Hazard peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.


