Eldin Yakupoviç “Everton”u MLS klubuna dəyişdi

Futbol üzrə İsveçrə milli komandasının sabiq qapıçısı Eldin Yakupoviç İngiltərənin “Everton” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 38 yaşlı qolkiper bundan sonrakı karyerasını ABŞ-ın “Los Anceles” klubunda davam etdirəcək.

Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb. Təcrübəli qolkiperlə 1+1 illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi keçib.

Eldin Yakupoviç 2022-ci ilin sentyabr ayında müqavilə bağladığı “Everton”da heç bir rəsmi matça çıxmayıb. Təcrübəli qolkiper “Qrasshopper”, “Tyun”, “Lokomotiv” (Moskva), “Olimpiakos” (Volou), “Aris”, “Hall Siti”, “Leyton Orient” və “Lester Siti” kimi klubların da formasını geyinib. Bosniya və Herseqovinadan anadan olmuş, bu ölkənin U-21 yığmasında da oynamış qapıçı, sonradan İsveçrə yığmasını seçib. O, İsveçrə millisində cəmi 1 matça çıxıb.

“Everton”un hücumçusu Tomas Kennon isə “Preston” klubuna icarəyə verilib. 20 yaşlı forvardın bu mövsümün sonuna kimi aşağı liqa klubunda forma geyinəcəyi açıqlanıb.

Tomas Kennon “Everton”un öz yetirməsidir. O, Premyer Liqa təmsilçisinin əsas komandasında cəmi 3 matça çıxıb. Gənc forvard İngiltərədə dünyaya göz açmasına baxmayaraq, İrlandiyanın U-19 və U-20 yığmalarında oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: