Futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstanın “Turan” komandasından ayrılıb. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı qolkiperlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Qazaxıstan klubu Balayevə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Emil Balayev martın əvvəlində Qazaxıstan təmsilçisi ilə sözləşmə imzalamışdı. Lakin futbolçumuz bu komandada demək olar ki, ehtiyatda qalıb və əsas heyət üzvünə çevrilə bilməyib. Bu üzdən onun “Turan”ndan ayrılacağı barədə xeyli müddət idi xəbərlər dolaşırdı. Təcrübəli qolkiperin karyerasını “Səbail”də davam etdirməsi gözlənilir.
Xatırladaq ki, Emil Balayev “Turan”dan əvvəl “Qarabağ”da çıxış edib. O, 2020-ci ilin yayından Ağdam klubunun uğurları üçün çalışırdı. Balayev 2016/17 mövsümündə də bu komandanın formasını geyinib.
Azərbaycan millisinin də üzvü olan qolkiper daha öncə də Qazaxıstanda legioner həyatı yaşamışdı. O, 2019-cu ildə “Tobol”un formasını geyinib. Millimizin qapıçısı karyerası ərzində “Neftçi”, “Sumqayıt”, “Araz” (Naxçıvan), “Səbail” və “Zirə” klublarında çıxış edib. O, 2015/16 mövsümündə də Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasında legioner həyatı yaşayıb.


