Qazaxıstanın “Turan” klubundan ayrılan Azərbaycan milli komandasının qapıçısı Emil Balayev özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, 28 yaşlı qapıçı karyerasını “Səbail”də davam etdirəcək.
Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Onunla bir illik müqavilə imzalanıb.
İyulun 4-də “Turan”dan ayrılan Balayev 2017-2018-ci illərdə də “Səbail”də oynayıb. Emil martın əvvəlində Qazaxıstan təmsilçisi ilə sözləşmə imzalamışdı. Lakin futbolçumuz bu komandada demək olar ki, ehtiyatda qalıb və əsas heyət üzvünə çevrilə bilməyib. Bu üzdən onun “Turan”ndan ayrılacağı və karyerasını “Səbail”də davam etdirəcəyi gözlənilirdi.
Xatırladaq ki, Emil Balayev “Turan”dan əvvəl “Qarabağ”da çıxış edib. O, 2020-ci ilin yayından Ağdam klubunun uğurları üçün çalışırdı. Balayev 2016/17 mövsümündə də bu komandanın formasını geyinib. Qolkiper daha öncə də Qazaxıstanda legioner həyatı yaşamışdı. O, 2019-cu ildə “Tobol”un formasını geyinib. Millimizin qapıçısı karyerası ərzində “Neftçi”, “Sumqayıt”, “Araz” (Naxçıvan) və “Zirə” klublarında çıxış edib. O, 2015/16 mövsümündə də Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasında legioner həyatı yaşayıb.
“Sabah” daha öncə Ağabala Ramazanov, Vüsal Qənbərov, Vüqar Həsənli, Emin Zamanov və Rafael Məhərrəmli kimi yerli oyunçuları da heyətinə qatmışı. Paytaxt klubu beş legioner (Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito, Qustavo Moreno de França, Franko Mazurek) futbolçu da transfer edib. Həmçinin Adil Nağıyev, Ruslan Hacıyev, Ədilxan Qarəhmədov, Tural Bayramlı, Cabir Əmirli, Turan Manafov, Hüseynəli Quliyev və Rahid Əmirquliyevlə yeni müqavilələr imzalanıb. Nikolas Raysel, Domantas Şimkus, Elxan Əhmədov, İbrahim Aslanlı, Cavid Tağıyev, Camal Araqo, Əfran İsmayılov, Mirsahib Abbasov, Rauf Əliyev və Məhəmməd Mirzəbəyov isə “dənizçilər”dən ayrılıb.


