Erik ten Haq Ceydon Sanço ilə münaqişənin bitdiyini təsdiqlədi

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandanın ingilis vingeri Ceydon Sanço ilə aralarındakı münaqişənin bitdiyini təsdiqləyib.

Arena.az jurnalist-insayder Mak Kriçliyə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz bunun üstündən xətt çəkmişik. “Mançester Yunayted”in oyunçulara ehtiyacı var. Ceydon Sanço isə yaxşı oyunçudur. Biz bunun üstündən xətt çəkmişik və sonrasına davam edirik”, deyə Ten Haq vurğulayıb.

Xatırladaq ki, ötən mövsümün əvvəlində Erik ten Haq Ceydon Sançonun məşqdə kifayət qədər səy göstərmədiyini bildirmiş və məhz bu səbəbdən onu vacib oyunlarda əsas heyətə daxil etmədiyini əsaslandırmışdı. Bundan sonra isə futbolçu niderlandlı mütəxəssisin sözlərinin doğru olmadığını açıq şəkildə təkzib etmişdi. Nəticədə Ten Haq hücumçunu əsas komandadan uzaqlaşdırmışdı. Ötən mövsümün ilk yarısını futbolsuz qalmış Sanço cari ilin qışında icarə əsasında Dortmund “Borussiyası”na yollanmışdı. Mövsüm bitincə “Mançester Yunayted”ə qayıtmış ingilis futbolçu yenidən “qırmızı şeytanlar”la məşqlərə başlayıb.

Xatırladaq ki, mətbuatda, buna rəğmən Sançonun “Mançester Yunayted”dən ayrılacağı haqda məlumat yayılıb. İngiltərə nəhənginin Sançonun satışı ilə bağlı danışıqlara açıq olduğu vurğulanır.

Ceydon Sanço “Mançester Yunayted”ə 2021-ci ilin iyulunda 85 milyon avro müqabilində məhz Dortmund “Borussiya”sından keçib. Bu müddətdə Sanço “qırmızı şeytanlar”ın heyətində 82 oyun keçirib, 12 qol vurub, 6 məhsuldar ötürmə verib. Ötən mövsüm Sanço mankunianların heyətində cəmi 3 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Ceydon “Mançester Yunayted”lə İngiltərə Liqa Kubokunu (2023) qazanıb.

Sanço vaxtilə yetirməsi olduğu “Mançester Siti”nin də uğurları üçün çalışıb.

Vinger 2018-ci ilin oktyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 23 oyun keçirib, 3 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı Ceydon Sançonu 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: