“Mançester Siti”nin hücumçusu Erlinq Haland Premyer Liqanın 10-cu turunda “Mançester Yunayted”ə qarşı oyunu şərh edib.
Arena.az xatırladır ki, norveçli qolçu 3:0 hesabıyla qalib gəldikləri bu oyunda dubla imza atıb.
Matçdan sonra Haland bunları söyləyib: “Bu, “Mançester Siti”nin mövsümdə ən yaxşı oyunu idimi? Düşünürəm ki, bəli – oyuna və oynamaq istədiyimiz futbola nəzarət baxımından. Bu, asan olmadı, amma necə davam etməyi bacardığımız inanılmazdır.
Xüsusi bir qələbədir. Ümumilikdə üç xal qazandıq. Mövsüm boyu ardıcıllıq tələb olunur. Hər həftə xal qazanmalıyıq”, deyə Haland bildirib.
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola da Erlinq Halandın “Mançester Yunayted”lə oyundakı çıxışından danışıb:
“Erlinq bir makinadır. O, iki qol vurdu, hətta dördünü də vura bilərdi. O, inanılmazdır. Onunla özümüzü daha inamlı hiss edirik. Ona sahib olduğumuz üçün şadam”, deyə Qvardiola bildirib.
Xatırladaq ki, Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçi qolçunun “şəhərlilər”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Haland Mançester klubunun heyətində 15 oyuna 13 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun bu komandadakı ümumi statistikası isə belədir: 68 oyun, 65 qol, 12 məhsuldar ötürmə.
Haland 2019-cu ilin sentyabrında debüt etdiyi Norveç yığmasının heyətində 28 oyun keçirib, 27 qol vurub, 3 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 23 yaşlı Erlinq Halandı 180 milyon avro məbləğində qiymətləndirir.


