“Mançester Siti”nin norveçli mərkəz hücumçu Erlinq Haland, fikrincə, müasir futbolun əsas fəsadı haqda söhbət açıb.
Arena.az “Verdens Gang” (VG) dərgisinə istinadən norveçli qolçunun bu barədə fikirlərini təqdim edir.
Mənbənin məlumatına görə, Haland oyunların çoxluğuna görə onların keyfiyyəti aşağı düşdüyü qənaətindədir:
“Fəsad oyunların keçirilməsində deyil, onların keyfiyyətindədir. Keyfiyyət düşür. Məndən 70 oyunda bir kilometr sprint qaçmağı gözləmək olmaz. Mən nə etməliyəm? Sadəcə, oyun cədvəlinə diqqət yetirməliyəm. Biznesin əsas məqsədi də bundan ibarətdir”, deyə Haland vurğulayıb.
Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 34 oyuna 29 qol vurub və 6 məhsuldar ötürmə verib. Halandın “Mançester Siti”nin heyətində ümumi statistikası isə belədir: 87 oyun, 81 qol, 15 məhsuldar ötürmə. Norveçli qolçu həmçinin İngiltərə Premyer Liqasının cari mövsümünün ən sərrast futbolçusudur – 18 qol.
Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.
Erlinq Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 29 oyun keçirib, 27 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı norveçli hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Erlinq Halandın dünyanın ən bahalı üç futbolçusundan biri olduğu deməkdir.


