Ervin Koffi müayinədən keçdi – “Neftçi”nin həkimindən açıqladı

“Neftçi”nin yeni transferi, Avropa Konfrans Liqasının “Jelezniçar”la səfər oyununda zədələnmiş Ervin Koffi müayinədən keçib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klubun sağlamlıq sponsoru olan “Liv Bona Dea Hospital”da müayinədən keçən futbolçunun durumu ilə bağlı “Neftçi”nin baş həkimi Şaiq Zöhrablı bunları söyləyib:

“İlkin müayinədən sonra ciddi zədə aşkar edilmədi. Ervin bu gün fərdi məşqlərə başlayıb. Açıq daban oynağındakı ağrıları olmasa, 1-2 gündən sonra komanda ilə məşqlərə qoşula biləcək”.

Xatırladaq ki, Ervin Koffi iyulun 25-də “Neftçi” ilə 2 illik müqavilə bağlayıb. O, Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 27-də Sarayevo şəhərindəki “Qrbaviça” stadionunda keçirilmiş “Jelezniçar”la səfər oyununda sonradan meydana çıxsa da, zədələndiyi üçün az sonra əvəzlənmişdi.

“Neftçi” ilə “Jelezniçar” arasındakı cavab görüşü avqustun 3-də 8-ci km stadionunda keçiriləcək. Bu oyuna saat 21:00-da başlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: