“Neftçi”nin müdafiəçisi Ervin Koffi Premyer Liqanın 14-cü turunda “Araz-Naxçıvan”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Fransadan olan 28 yaşlı futbolçu klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Fasilə dönəmində yaxşı hazırlıq keçmişik. Bəzi oyunçularımız milli komandalarında olduğu üçün bizimlə deyildi. “Zenit”lə yoldaşlıq oyununda qələbə qazandıq. Bu, kollektivə çox yaxşı təsir edəcək. Uzun müddət doğma meydanda qələbə əldə edə bilmirdik. Ümid edirəm ki, bunun davamını gətirəcəyik. Düşünürəm ki, həftəsonu daha yaxşı oyun nümayiş etdirəcəyik”.
Fransız müdafiəçi azarkeşlərə də müraciət edib: “Son nəticələrin pis olmasına baxmayaraq, fanatların dəstəyinə ehtiyacımız var. 11 nəfərlə meydanda işimizi görməyə çalışacağıq. Onlar da bizim 12-ci oyunçumuz olmalıdırlar”.
Qeyd edək ki, noyabrın 26-da baş tutacaq “Neftçi” – “Araz-Naxçıvan” matçına saat 15:30-da start veriləcək. “Ağ-qaralar” bu mövsüm 13 oyuna topladıqları 18 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıblar. “Araz-Naxçıvan” isə 20 xalla 5-cidir. Bu üzdən də sözügedən komandaların oyunu “6 xallıq görüş” kimi dəyərləndirilir.
Ervin Koffi bu ilin iyul ayında Fransanın “Po” klubundan “Neftçi”yə gəlib. Sağ cinah müdafiəçisinin paytaxt təmsilçisi ilə müqaviləsi 2025-ci ilin 30 iyununa kimi nəzərdə tutulub. O, “ağ-qaralar”ın heyətində indiyə qədər 10 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Koffi daha öncə “Po”, “Anortosis”, “Loryan”, “Olimpiakos” (Nikosiya) və “Şatoru” kimi klubların da uğurları üçün çalışıb.


