Ervin Koffi: “Ümid edirəm ki, bu, “Neftçi”də sonuncu qolum deyil”

“Neftçi”nin sağ cinah müdafiəçisi Ervin Koffi Azərbaycan Premyer Liqasının 23-cü turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, fransalı futbolçu 1:0 hesabıyla qalib gəldikləri matçda komandasının qələbə qolunun müəllifi olub.

O, matçdan sonra klubun “Youtube” telekanalına açıqlamasında bunları söyləyib:

“Neftçi”nin heyətində ilk qolumu vurdum. Bu məni çox sevindirir. Ümid edirəm ki, sonuncu qolum deyil. “Zirə” ilə görüşün ağır keçəcəyini öncədən də bilirdik. Azarkeşlərimizin qarşısında qalib gəlib, üç xal qazandığımız üçün çox sevindim. Vurduğum qol komandaya qələbə qazandırdı. Amma bu tək mənim yox, bütün kollektivin qələbəsdir”.

Xatırladaq ki, Ervin Koffi 2023-cü ilin iyul ayında Fransanın “Po” klubundan “Neftçi”yə gəlib. Sağ cinah müdafiəçisinin paytaxt təmsilçisi ilə müqaviləsi 2025-ci ilin 30 iyununa kimi nəzərdə tutulub. O, “ağ-qaralar”ın heyətində indiyə qədər 22 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Koffi daha öncə “Po”, “Anortosis”, “Loryan”, “Olimpiakos” (Nikosiya) və “Şatoru” kimi klubların da uğurları üçün çalışıb.

“Neftçi” “Zirə” üzərindəki qələbə sayəsində xallarının sayını 35-ə çatdırıb və 10 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. Azərbaycan Premyer Liqasında turnir cədvəlinə 51 xala malik son çempion “Qarabağ” liderlik edir. 36 xalı olan “Sumqayıt” ikincidir. “Zirə” isə 32 xalla 4-cü pillədə qərarlaşıb.

“Neftçi” Premyer Liqada növbəti matçını fevralın 24-də “Turan Tovuz”a qarşı keçirəcək. Tovuz şəhər stadionunda keçiriləcək bu oyuna saat 15:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: