Türkiyənin “Fənərbaxça” klubunun Niderlanddan olan sol cinah müdafiəçisi Ceyden Ostervolde uzun müddətə sıradan çıxıb.
Arena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu Avropa Konfrans Liqasının 1/4 final mərhələsinin “Olimpiyakos”la Yunanıstanda keçirilən ilk matçında zədələnib.
43-cü dəqiqədə zədələnən müdafiəçi fasilə ərəfəsində əvəzlənmişdi. Son məlumata görə, niderlandlı futbolçu ölkəsində əməliyyat olunacaq. O, bunun üçün bu gün Niderlanda yollanacaq. Ostervoldenin cari mövsümün sonuna kimi sıraya dönməsi gözlənilmir.
Ceyden Ostervolde Niderlandın “Tvente” klubunun yetirməsidir. 22 yaşlı müdafiəçi 2022-ci ilin yayında “Parma”ya transfer olunub. “Fənərbaxça” da onu 2023-cü ilin yanvarında 6 milyon avro müqabilində məhz “Parma”dan transfer edib. Müdafiəçinin Türkiyə klubu ilə 2027-ci ilin 30 iyununa kimi müqaviləsi var.
Ostervolde bu mövsüm meydana çıxdığı 41 oyunda 2 qol vurub. O, “Fənərbaxça”da bütövlükdə 46 oyun keçirib və 2 qolla yadda qalıb.


