Filip Stoyilkoviç “Darmştadt”ı “Kayzerslautern”ə dəyişdi

Almaniyanın “Darmştadt” klubu hücumçusu Filip Stoyilkoviç və sağ cinah müdafiəçisi Frank Ronstadtla yollarını ayırıb.

Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisinin hər iki oyunçusu “Kayzerslautern”ə keçib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Stoyilkoviç bu mövsümün sonuna kimi icarə əsasında “Kayzerslautern”də çıxış edəcək. Ronstadt isə aşağı liqa klubuna birdəfəlik satılıb. Klub 26 yaşlı futbolçunun satışından cəmi 50 min avro gəlir əldə edib.

Xatırladaq ki, Frank Ronstadt 2021-ci ilin iyul ayından “Darmştadt”ın uğurları üçün çalışırdı. Qana əsilli almaniyalı futbolçu Bundesliqa təmsilçisinin heyətində bütövlükdə 44 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Ronstadt “Vürsberger Kikkers”, “Hamburq”, “Verder” kimi klublarda da forma geyinib, Almaniyanın U-16, U-17 və U-19 yığmalarında oynayıb.

Filip Stoyilkoviç isə “Darmştadt”a 2023-cü ilin yanvarında İsverənin “Syon” klubundan 2 milyon avroya transfer edilib. Onun Almaniya klubu ilə müqaviləsi 2027-ci ilin 30 iyununa qədərdir. 24 yaşlı forvard Bundesliqa təmsilçisinin heyətində 23 oyuna çıxıb və 3 qola imza atıb.

Əslən Serbiyadan olan isveçrəli futbolçu kayrerası ərzində “Syon”, “Aarau”, “Hoffenhaym”, “Vil”, “Sürix” kimi klubların da formasını geyinib. O, İsveçrənin U-18, U-19 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: