Frank De Blekere Elçin Məsiyevin qərarını dəstəklədi

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere “Turan Tovuz” – “Araz-Naxçıvan” matçındakı mübahisəli epizodu şərh edib.

Arena.az xatırladır ki, Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində baş tutan bu oyunun əvvəlində qeydə alınmış mübahisəli epizodla bağlı müzakirələr səngimək bilmir.

Frank De Blekere Naxçıvan təmsilçisinin hücumçusu Ramon Maçadonun 13-cü dəqiqədə topa oynamaq istədiyini bildirib:

“Top havada olan zaman “Araz-Naxçıvan” komandasının 16 nömrəli oyunçusu Ramon Maçado topa oynamaq istəyir. O, ayağının ucu ilə “Turan Tovuz” komandasının 5 nömrəli futbolçusu Roderik Millerin baş nahiyəsinə zərbə endirir.

Hakim oyunçunun düşüncəsiz davranışına görə ona sarı vərəqə göstərir.

Təlimatlara əsasən, “Araz-Naxçıvan”ın oyunçusunun topa baxdığını və topa oynamaq istədiyini nəzərə alaraq, verilən sarı vərəqəni dəstəkləyirik.

Maçado ayağının ucu ilə (butsun altı ilə deyil) müdafiəçinin başına/üzünə aşağı intensivliklə və o qədər də güclü olmayan zərbə endirir.

Təhlükəli vəziyyət olsa da, “Araz-Naxçıvan”ın oyunçusunun etdiyi qəsdən təmas/qayda pozuntusu deyil”.

Qeyd edək ki, bu görüş “Araz-Naxçıvan”ın qələbəsi ilə bitib – 2:1. Roderik Miller aldığı zədəyə görə bu oyunu davam etdirə bilməyib.

“Turan Tovuz” – “Araz-Naxçıvan” matçının baş hakimi Elçin Məsiyev olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: