“Barselona”nın yeni baş məşqçisi Hansi Flik “blauqrana”nın sükanı arxasına təyin edilməsi ilə hədəfləri haqda söbət açıb.
Arena.az AS dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Mən və komandam azarkeşlərin xoşbəxt olması və yaxın gələcəkdə bir çox qənimətlə qeyd edə bilməsi üçün əlimizdən gələni edəcəyik. Bu, bizim məqsədimizdir. Bizə yaxşı futbol gərəkdir, mən də bunu istəyirəm”, deyə Flik vurğulayıb.
Hans-Diter Flik məşqçilik karyerası ərzində “Viktoriya Bammental”, “Hoffenhaym”, “Bayern” və Almaniya yığmasını çalışdırıb.
Alman mütəxəssisin klub futbolu səviyyəsində uğurları Almaniya nəhəngi “Bayern”in adı ilə bağlıdır. Flik “Bayern”lə Almaniya Bundesliqasının (2019/2020, 2020/2021), Almaniya Kubokunun (2019/2020), Almaniya Super Kubokunun (2020), Çempionlar Liqasının (2019/2020), UEFA Super Kubokunun (2020), FIFA Klub Dünya Kubokunun (2020) qalibi olub.
Flik “Mançester Siti”nin baş məşqçisi, ispan mütəxəssis Xosep Qvardiola yanaşı sekstupl qazanmış iki mütəxəssisdən biridir. 2019/2020 mövsümündə “Bayern”lə müvafiq uğura imza atıb – Almaniya Bundesliqasını, Almaniya Kubokunu, Almaniya Super Kubokunu, Çempionlar Liqasını, UEFA Super Kubokunu, FIFA Klub Dünya Kubokunu qazanıb.
Həmin mövsüm Flik 6 təqdimat üzrə ən yaxşı məşqçi adını qazanıb. Bura, UEFA-ya görə ilin məşqçisi, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) görə ilin klub məşqçisi, “World Soccer”ə görə ilin çalışdırıcısı, “Globe Soccer Awards”a görə ilin ən yaxşı məşqçisi, Alman İdman Jurnalistləri Assosiasiyasına görə ilin alman futbol məşqçisi və Bundesliqada ilin məşqçisi təqdimatları üzrə qalibiyyətlər daxildir.
Hansi Flik Almaniya yığmasının baş məşqçinin köməkçisi olaraq DÇ-2014-ün qalibi olub, həmçinin AÇ-2008-də gümüş, AÇ-2012-də isə bürünc medal qazanıb.
2021-ci ildə bundestimin sükanı arxasına keçmiş Flik 2023-cü ilin sentyabrında “alman maşını”nın bərbad çalışması səbəbindən istefaya göndərilib. Alman mütəxəssis həmin vaxtdan işsiz idi.


