İndoneziyada mübahisəli qərarlar verən hakim nokauta göndərildi

İndoneziyada “Açex Yunayted”lə “Bəndər Sultenq” arasında keçirilmiş oyunda idman adına yaraşmayan xoşagəlməzlik yaşanıb.

Arena.az məlumat verir ki, oyuna əlavə edilmiş təzminat dəqiqələri müddətində qonaq futbolçu, onun fikrincə, bütün oyun boyu rəqibin xeyrinə qərarlar vermiş baş hakimin çənəsinə yumruq vuraraq, ədalət təmsilçisini nokauta göndərib.

Oyunun 90+8-ci dəqiqəsində baş hakim, həmin məqamda 9 nəfərlə oynayan “Bəndər Sultenq”in qapısına penalti təyin edib. Nəticədə ədalət təmsilçisi qəzəbli qonaq futbolçunun zərbəsinə tuş gələrək, tirtap yerə döşənib. Ağlı başından çıxmış hakimin köməyinə təcili tibbi yardım maşını ilə meydana həkimlər tələsiblər. İşini davam etdirməyə halı olmayan hakim meydandan çıxarılıb.

Qüvvəsində qalmış penaltini isə hesabda geri olan meydan sahibləri qola çevirə bilməyiblər. Buna rəğmən, azlıqda qalmış qonaqların qapısına bir neçə dəqiqə sonra yenidən penalti təyin edilib. Bu dəfə meydan sahibləri fürsəti qaçırmayıblar və oyunda bərabərliyi təmin ediblər. Oyunun əlavə vaxta sürükləndiyi bir məqamda isə qonaq komanda “Bəndər Sultenq”in futbolçuları oyunu davam etdirməkdən imtina ediblər və meydanı tərk ediblər.

Biabırçı hadisə yerli futbol qurumunun nəzarətinə götürülüb. İntizam tədbirinin görüləcəyi vurğulanır.

Xəbəri sosial şəbəkələrdə paylaş: