Jali Muaddib rəsmən “Qarabağ”da!

Kiprin “Omoniya” (Aradipu) klubunun fransalı sol vingeri Jali Muaddib 2026/2027-ci illər mövsümündən “Qarabağ”ın formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, 2026/2027-ci illər mövsümünün transfer çalışmalarına start vermiş “Qarabağ” ilk futbolçu keçidini gerçəkləşdirib. Bu gün Jali Muaddiblə 3 illik müqavilə imzalanıb. Tibbi müayinədən uğurla keçmiş 25 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, Ağdam klubunun heyətində 7 nömrəli formanı geyinəcək.

Jali Muaddib karyerası ərzində “Botoşani” (54 oyun, 3 qol, 4 assist) və “Avranş” (17 oyun, 2 qol, 1 assist) klublarının da şərəfini qoruyub, “Anje” və “Lill”in B komandalarında forma geyinib.

Muaddib 2025-ci ilin yayından formasını geyindiyi “Omoniya”nın heyətində 32 oyuna 4 qol vurub, 8 məhsuldar ötürmə verib. Onun Kipr klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi var idi. Amma tərəflər ortaq məxrəcə gələrək həmin müqaviləyə erkən xitam veriblər.

Muaddib Fransanın U-19 yığmasının heyətində 3 oyuna 1 qol vurub.

“Transfermarkt” internet-portalı 25 yaşlı vingerin transfer dəyərini 375 min avro məbləğində qiymətləndirir.

Sonda onu da xatırladaq ki, “Qarabağ”ın bu mövsümün sonunda sol vingeri Abdullah Zubirlə vidalaşması gözlənilir. Fransalı futbolçunun Ərəbistana üz tutacağı iddia edilir. Böyük ehtimalla, Ağdam klubu Muaddibi də məhz həmyerlisini əvəz etmək üçün transfer etməyə çalışır.

Xəbəri sosial şəbəkələrdə paylaş: