Jerar Pike: “Barselona”nın mənə borcu yoxdur”

“Barselona”nın sabiq mərkəz müdafiəçisi Jerar Pike Kataloniya klubu ilə maliyyə haqq-hesabına dair açıqlama verib.

Arena.az bu barədə “Diario AS” dərgisinə istinadən xəbər verir.

“Mən ayrıldığım gün qərara gəldik ki, hər şey unudulmalıdır. Klubun mənə heç bir borcu yoxdur. Son bir il yarım ərzində komandaya güc vermirdim, çünki çox oynamırdım… Amma bu, mənim qərarım idi. “Barselona”ya heç nə bağışlamamışam, oynadığım günə qədər mənə məvacib verirdilər.

Ərəbistanda oynamaq? Oradan mənə zəng etməyiblər, amma mən də getməzdim. Mən həmişə demişəm ki, həyatımın klubu “Barsa”dır və ondan ayrıldıqdan sonra karyeramı bitirəcəyəm. Futbolun “Barsa” ilə əlaqəli olduğu mənə açıq-aşkar aydın idi. Pul üçün nəsə etmək – mənim baxış tərzim deyil. Ərəbistan sərmayə qoyur və mənim başa düşdüyüm kimi, bu həm də onların öz simasına investisiyadır. Futbol dünyası dəyişir”, deyə Pike bildirib.

Xatırladaq ki, Jerar Pike ötən mövsümdə “Barselona”nın heyətində 10 oyuna çıxıb və karyerasını başa vurub. Ümumilikdə Pike “Barselona” ilə 616 oyuna çıxıb, 53 qol vurub, 13 məhsuldar ötürmə verib.

Pike İspaniya yığmasının heyətində dünya və Avropa çempionluğunu qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: