“Barselona”nın ispaniyalı keçmiş mərkəz müdafiəçisi Jerar Pike ifadə vermək üçün məhkəməyə çağırılıb və gələrək ifadə verib.
Arena.az bu barədə “Relevo” dərgisinə istinadən məlumat verir.
Məhkəmədə Pike Səudiyyə Ərəbistanında keçirilmiş İspaniya Super Kubokunun təşkili zamanı korrupsiya və çirkli pulların yuyulması işi üzrə ifadə verib.
Pike məhkəməyə hüquq-mühafizə orqanlarının səkkiz əməkdaşının müşayiəti altında gəlib. Məhkəmə binasının çıxışında isə Pikeni suallarla “silahlanmış” 50-yə qədər jurnalist gözləyib. Məhkəmə Pikeni iki saatdan artıq müddət ərzində sual-cavaba tutub.
Məhkəmə gedişatının sonunda Pike öz fikrini bildirmək üçün söz istəyib. Çıxışı zamanın Pikenin səsi titrəyib, keçmiş futbolçu hisslərinə hakim ola bilməyib və vurğulayıb ki, müvafiq məhkəmə haqq-hesabı onun ad-sanına, mənsəb-məqamına böyük zərər vurur:
“Siz, bunun mənə necə bir zərər vurduğunu bilmirsiniz, başqa bir ölkədə mənə çoxdan heykəl qoymuşdular”, deyə Jerar Pike vurğulayıb.
Xatırladaq ki, məhkəmə Pikenin bank hesablarından başqa, keçmiş futbolçunun 27 şirkətinin də təhlilini tələb edib.
İspaniya Super Kubokunun təşkilinin Səudiyyə Ərəbistanına verilməsində Pikenin “Kosmos” şirkəti vasitəçilik edib. Bu, hazırda cinayət işi üzrə araşdırma aparılan ən mübahisəli müqavilələrdən biridir. Bununla əlaqədar olaraq, məhkəmə keçmiş futbolçunun hesabları üzrə bütün bank əməliyyatlarını öyrənmək niyyətindədir.
Daha əvvəl məlum olub ki, İspaniya Super Kubokunu keçirməyə görə İspaniya Kral Futbol Federasiyasının (RFEF) sabiq prezidenti Luis Rubialesin, Jerar Pikenin nəzarətində olan şirkətə 24 milyon avro məbləğ ödənilməsi üçün Səudiyyə Ərəbistanı hakimiyyətinə təzyiq göstərdiyini təsdiqləyən sənədlər var.
Bu sövdələşmənin bağlanması zamanı korrupsiya və çirkli pulların yuyulması əlamətlərinin olduğu vurğulanıb. Səudiyyə Ərəbistanı ilə müqaviləyə əsasən, İspaniya Kral Futbol Federasiyası hər il 40 milyon avro məbləğində qazanc əldə edir.
İş üzrə məhkəmə davam edir.


