Jorje Jezus “Fənərbaxça”dan getdi!

Fənərbaxça”ya Türkiyə Kubokunu qazandıran komandanın baş məşqçisi Jorje Jezus vəzifəsindən ayrıldığını açıqlayıb.

Arena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə “Başakşəhər”ə qarşı keçirdikləri kubokun final matçından sonrakı mətbuat konfransında məlumat verib.

O, qərarını belə bəyan edib: “Kubok qazanmaq hər zaman önəmlidir. Bu gün futbolçularım kuboku qazanmağa layiq idilər. Super Liqada mübarizəni son həftələrə qədər davam etdirdik. İndi də ölkənin ən önəmli ikinci kubokunu qazandıq. Oyunçularımız və prezidentimiz üçün çox sevincliyəm. Bu kubokla “Fənərbaxça” tarixinə keçdik.

Bu, “Fənərbaxça”dakı son matçım idi. Artıq sərbəst bir məşqçiyəm. İndiyə qədər ölkəmdən kənarda çalışdırdığım bütün komandalarla azı bir kubok qazanmışdım. Burada da bir kubok qazandım. Asan olmadı. Buraya aid hər şeyi çox yaxşı xatırlayacağam. Azarkeşlərimizə təşəkkür etmək istəyirəm”.

Xatırladaq ki, Jorje Jezus “Fənərbaxça”nı mövsümün əvvəlindən, 2022-ci ilin iyun ayından çalışdırırdı. Həmin vaxt tərəflər 1 illik müqaviləyə imza atmışdılar. İstanbul təmsilçisi onun rəhbərliyi altında 52 oyun keçirib. Komanda bu görüşlərdə 35 qələbə qazanıb, 10 heç-heçə edib və 7 məğlubiyyətə üzülüb.

“Sarı-lacıvərdlilər” Super Liqada 80 xalla gümüş medal qazanıblar. Bu komanda çempion “Qalatasaray”dan 8 xal geri qalıb. “Beşiktaş” 78 xalla üçüncü olub.

Portuqaliyalı məşqçi ölkəsində “Benfika”dakı uğurlarına görə tanınıb. 68 yaşlı mütəxəssis “Flamenqo”, “Əl-Hilal”, “Sportinq”, “Braqa”, “Belenenseş”, “Unian Leyriya”, “Moreyrense”, “Vitoriya Gimaraynş” kimi klublarda da baş məşqçilik edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: