Futbol üzrə Yaponiya yığmasının və İngiltərənin “Brayton” klubunun sol cinah vingeri Kaoru Mitoma uzun müddətə sıradan çıxıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin baş məşqçisi Roberto De Zerbi məlumat verib.
İtalyan mütəxəssis Mitomanın Premyer Liqanın 18-ci turu çərçivəsində baş tutan “Kristal Pelas”la matçda ağır zədə aldığını bəyan edib:
“Artıq zədəlilərimizin sayı 10-a çatır. Onlardan da biri Mitomadır. O, qarşıdakı oyunlarda dəqiq forma geyinməyəcək. Kaorunu 4-6 həftəlik itirdik. Asiya Kubokunda Yaponiya yığmasına da kömək edəcəyini düşünmürəm”.
Kaoru Mitoma 2021-ci ilin avqust ayından “Brayton”da forma geyinir. 26 yaşlı vinger bu mövsüm bütün turnirlər çərçivəsində meydana çıxdığı 24 oyunda 3 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. Yapon futbolçunun “Brayton”dakı ümumi statistikası isə belədir: 65 oyun, 13 qol, 14 məhsuldar ötürmə.
Mitoma “Kavasaki Front”, “Yunion” və “Tsukuba” kimi komandalarda da forma geyinib. O, 2021-ci ilin noyabr ayında debüt etdiyi Yaponiya milli komandasının heyətində 18 matça çıxıb, 7 qola imza atıb.


