“Real”ın baş məşqçisi Karlo Ançelotti portuqal ulduz hücumçu Kristiano Ronaldonu çalışdırması ilə bağlı sualı cavablayıb.
Arena.az “Sportskeeda” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Kristiano Ronaldonu çalışdırmaqmı? Bu, çox asan idi. Hər oyunda qol vuran oyunçun varsa, bu, asandır. Kristiano Ronaldonun karyerasında əldə etdikləri həqiqətən əlamətdar, inanılmaz bir məqamdır”, deyə Karlo Ançelotti vurğulayıb.
Xatırladaq ki, Ronaldo 2009-2018-ci illər ərzində “Real”da çıxış edib. O, sözügedən komandanın uğurlarında böyük pay sahibi olaraq, adını Madrid klubunun tarixinə “qaymaqlılar”ın ən sərrast futbolçusu olaraq yazıb.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar verib.
Ronaldo karyerası ərzində “Sportinq” (Lissabon), “Mançester Yunayted” və “Yuventus” kimi klubların da şərəfini qoruyub. O, bu klubların hər biri ilə çoxlu titullar qazanıb.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 212 oyun keçirib, 130 qol vurub və 45 məhsuldar ötürmə verib.
Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


