Karlos Teves Argentina klubunun baş məşqçisi təyin olundu

Argentina yığmasının sabiq hücumçusu, 39 yaşlı Karlos Teves “İndependyente” komandasının baş məşqçisi təyin edilib.

Arena.az bu barədə Argentina klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Əvvəllər Teves beş ay ərzində – 2022-ci ilin iyunundan noyabrına qədər “Rosario Sentral”ı çalışdırıb. Bu, sabiq futbolçunun məşqçi kimi ilk və yeganə təcrübəsidir. Onun rəhbərliyi altında keçirdiyi 24 görüşdə “Rosario Sentral” 6 qələbə qazanıb, 10 heç-heçə edib, 8 məğlubiyyətə uğrayıb. Top fərqi isə 26:29-dur.

Teves futbolçu karyerası ərzində “Boka Xuniors”, “Korintians”, “Vest Hem”, “Mançester Yunayted”, “Mançester Siti”, “Yuventus” və “Şanxay Şenxua” kimi komandalarda çıxış edib. “Qırmızı şeytanlar”ın heyətində sabiq hücumçu UEFA Çempionlar Liqasının qalibi olub, Argentina yığması ilə isə Olimpiya çempionluğunu qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: