“Neftçi”nin yarımmüdafiəçisi Kenni Sayef Premyer Liqanın 8-ci turunda “Turan Tovuz”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu “Neftçi” TV-yə müsahibəsində əvvəlcə bunları söyləyib:
“Bizi çətin qarşılaşma gözləyir. Amma qalib gəlmək və üç xalı qazanmaq üçün səfərə yollanmışıq. Bütün diqqətimizi bu görüşə yönəltmişik. Hamımız tam köklənmişik. Daha sonra irəli baxacağıq. Düşünürəm ki, biz tam hazırıq”.
Yarımmüdafiəçi Tovuz şəhər stadionunun ot örtüyünün süni olması barədə də fikirlərini bölüşüb: “Bu, “Turan Tovuz”a qarşı çıxış edən hər komanda üçün problemdir. 6-7 saatlıq yol qət edəndən sonra süni ot üzərində oynamaq elə də asan deyil”.
Sayef son olaraq cəza səbəbindən bu matçda iştirak etməyəcək Yuri Matiasın komanda üçün vacib futbolçu olduğunu vurğulayıb: “Amma inanıram ki, bu rəqibə qarşı meydana çıxacaq oyunçular öz işlərinin öhdəsindən layiqincə gələcəklər. Çünki biz “Neftçi”də oynayırıq. Hər kəs tam gücü ilə mübarizə aparmağa çalışacaq”.
Xatırladaq ki, sentyabrın 30-da keçiriləcək “Turan Tovuz” – “Neftçi” matçına saat 16:00-da start veriləcək.
Kenni Sayef 2022-ci ilin iyul ayından “Neftçi”də çıxış edir. Əslən İsraildən olan ABŞ yığmasının üzvü Azərbaycan klubunun heyətində 52 oyuna çıxıb, 10 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə İsrailin “Bney Saxnin” (2010-2011), “Hapoel” (Hayfa) (2011-2012), “İroni Kryat Şmona” (2012-2013), “Hapoel” (Ramat Ha Şaron) (2013-2014), Belçikanın “Gent” (2014-2018), “Anderlext” (2018-2022), ABŞ-ın “Çinçinnati” (2019), Polşanın “Lexiya” (2020-2021) klublarında çıxış edib. Futbolçunun “Neftçi”dən əvvəlki sonuncu iş yeri İsrailin “Aşdod” (2021-2022) komandası olub. İsrailin aşağı yaş qrupları üzrə yığma komandalarında da forma geyinmiş futbolçu bu ölkənin əsas millisində 2, ABŞ milli komandasında isə 4 oyun keçirib.


