“Adana Dəmirspor”un və Portuqaliya yığmasının sol cinah müdafiəçisi Kevin Rodriqes Türkiyə klubundan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Onun Adana təmsilçisi ilə 2025-ci ilin 30 iyununa qədər müqaviləsi vardı.
Xatırladaq ki, Kevin “Adana Dəmirspor”a 2022-ci ilin yayında İspaniyanın “Real Sosyedad” klubundan azad agent kimi ayrılaraq gəlmişdi. O, həmin vaxt bu klubla 3 illik müqaviləyə imza atmışdı. Rodriqes bu komandada 51 oyuna çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə müəllifi olub.
Kevin Rodriqes daha öncə “Real Sosyedad”, “Leqanes”, “Eybar”, “Rayo Valyekano”, “Dijon” və “Tuluza” kimi klubların da formasını geyinib. O, Portuqaliya milli komandasında 3 oyun keçirib.
Xatırladaq ki, daha əvvəl “Adana Dəmirspor”un maliyyə problemlərinin olduğu və bir neçə futbolçunun komandadan ayrılmaq istədiyi bildirilirdi. Müdafiəçi Endryu Qravillo da məhz maaşını ala bilmədiyi üçün bir neçə gün öncə bu klubdan ayrıldığını açıqlamışdı. Ötən gün isə Mərakeş yığmasının üzvü Yunes Belhanda ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi açıqlanmışdı.
“Adana Dəmirspor”da Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev də forma geyinir. O, Super Liqa klubunda bu mövsüm 5 oyun keçirib, 11 qol buraxıb.
“Adana Dəmirspor” bu mövsüm keçirdiyi 17 oyunda 7 qələbə qazanıb, 6 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.


