Konfrans Liqasında da mövsümün son püşkü atıldı

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2022/23 mövsümünün sonuncu püşkatma mərasimi keçirilib. Arena.az xəbər verir ki, UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutan mərasimə Bakı vaxtı ilə saat 17:00-da start verilib.

Tədbirdə 1/4 və yarımfinal cütlükləri, həmçinin, final matçının nominal meydan sahibi bəlli olub. Əvvəlki mərhələlərdən fərqli olaraq, bu dəfə istənilən komanda bir-birilə rəqib ola bilərdi.

Püşk nəticəsində bu mövsüm Azərbaycan çempionu “Qarabağ”la qarşılaşmış komandalardan Belçika “Gent”i İngiltərənin “Vest Hem” klubuna rəqib olub. Polşa “Lex”ini isə İtaliyanın “Fiorentina” komandası ilə duel gözləyir. Digər cütlüklərə gəlincə, Niderland “Alkmaar”ı Belçika “Anderlext” ilə düşüb. İsveçrə “Bazel”i isə Fransa Liqa 1-ində çıxış edən “Nitsa”ya rəqib olub.

Xatırladaq ki, Avropa Konfrans Liqasında 1/4 finalın ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra keçiriləcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də baş tutacaq. Turnirin final görüşü isə iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı “Eden Arena”da keçiriləcək.

Konfrans Liqasının bu mövsüm üçün sonuncu püşkünün nəticələrini təqdim edirik:

1/4 final

  1. “Lex” (Polşa) – “Fiorentina” (İtaliya)
  2. “Gent” (Belçika) – “Vest Hem” (İngiltərə)
  3. “Alkmaar” (Niderland) – “Anderlext” (Belçika)
  4. “Bazel” (İsveçrə) – “Nitsa” (Fransa)

Yarımfinal

  1. “Lex”/“Fiorentina” – “Bazel”/“Nitsa”
  2. “Gent”/“Vest Hem” – “Alkmaar”/“Anderlext”

Final
1-ci yarımfinal cütünün qalibi – 2-ci yarımfinal cütünün qalibi

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: