Vaxtilə futbol üzrə İngiltərə Premyer Liqasının qalibi olmuş, son illərdə böhranda olan “Lester Siti” daha bir uğursuzluqla üzləşib.
Arena.az xəbər verir ki, sözügedən komanda ölkənin 3-cü divizionuna yuvarlanıb.
“Tülkülər” Çempionşipin 44-cü turunda “Hall Siti” ilə heç-heçə edib (2:2) və cəmi 42 xalla turnir cədvəlinin 23-cü pilləsində qərarlaşıb. Mövsümün sonuna 2 tur qalsa da, 21-ci yerdə olan “Bləkbörn” 49 xala malikdir. Bu isə Lester təmsilçisinin liqada qalmaq şansını itirməsi deməkdir.
Qeyd edək ki, “Lester Siti” ötən mövsüm İngiltərə Premyer Liqasında çıxış edib. Komanda 25 xalla 18-ci yeri tutaraq aşağı liqaya yuvarlanmışdı. Cari ilin fevralında isə klub maliyyə qaydalarını pozduğuna görə 6 xal itirmişdi.
Xatırladaq ki, Lester təmsilçisi 2015/2016-cı illər mövsümündə Klaudio Ranyerinin rəhbərliyi altında İngiltərə çempionu olub. Komanda həmin mövsüm 81 xal toplayaraq ən yaxın izləyicisi “Arsenal”ı 10 xal qabaqlayıb.


