Lissabon “Sportinq”i portuqal mütəxəssis Joao Pereyranı “şirlər”in baş məşqçisi vəzifəsindən istefaya göndərib.
Arena.az bu barədə Portuqaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir:
“Əbədi “Şir”. Joao Pereyra, təşəkkür edirik”, – “Sportinq”in mətbuat xidməti Lissabon klubunun rəsmi “X” sosial şəbəkə hesabı üzərindən paylaşıb.
Rəhbərlik müvafiq qərarını Pereyranın “şirlər”in sükanı arxasında uğursuz nəticələri ilə əsaslandırıb.
Xatırladaq ki, portuqal mütəxəssis Ruben Amorimin noyabr ayında “Mançester Yunayted”ə gedişi ilə Joao Pereyra “Sportinq”in sükanı arxasına gətirilsə də, uğursuzluğa düçar olub.
Pereyra “şirlər”i 8 oyuna çıxarıb, 3 qələbə, 1 heç-heçə, 4 məğlubiyyət yaşayıb. Topların fərqi isə 14:13 nisbətindədir.
Portuqaliya Premyer Liqasının 15 oyunundan 37 xalla “Sportinq” yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Şirlər”i zirvədəki “Benfika”dan 1 xal ayırır.
Artıq Lissabon “Sportinq”i yeni baş məşqçi də tapıb. “A Bola”nın yaydığı məlumata görə, Portuqaliya klubunu bundan sonra Rui Borges çalışdıracaq. Bu gün 43 yaşlı mütəxəssislə müqavilə imzalanacağı diqqətə çatdırılıb.
Hazırda “Vitoriya”ya rəhbərlik edən çalışdırıcının ilkin olaraq müddəti mövsümün sonuna qədər nəzərdə tutulmuş sözləşməyə qol çəkəcəyi qeyd olunub. Bu keçid üçün “Sportinq” “Vitoriya”ya 4 milyon avro ödəməli olacaq. Çünki Borgesin Gimanaynş təmsilçisi ilə 2026-cı ilin iyununa qədər müqaviləsi var.


