Luçano Spalletti İtaliya millisindən qovuldu

Təcrübəli mütəxəssis Luçano Spalletti futbol üzrə İtaliya milli komandasının baş məşqçisi vəzifəsindən istefaya göndərilib.

Arena.az məlumat verir ki, bu barədə İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriele Qravina qərar qəbul edib.

Spallettinin istefasına İtaliya yığmasının DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Norveç millisinə səfərdə 0:3 hesabıyla uduzması səbəb olub. Qravina bu nəticədən sonra təcrübəli mütəxəssisin bu komandanı uğura daşıya biləcəyinə dair inamını itirib və onu istefaya göndərib. Spalletti sabah Moldovaya qarşı keçirəcəkləri seçmə mərhələ oyununda sonuncu dəfə milli komandanı meydana çıxaraq və vəzifəsindən ayrılacaq.

Xatırladaq ki, Luçano Spalletti 2023-cü ilin avqustunda çətin vəziyyətdə olan İtaliya yığmasına rəhbərliyi qətiyyət və məsuliyyətlə öz üzərinə götürmüşdü. İtalyan mütəxəssisin rəhbərliyi altında “skuadra adzurra” Almaniyada keçirilən AÇ-2024-ün final mərhələsinə vəsiqə qazanmışdı.

Yarışın final mərhələsində İtaliya millisi Albaniya (2:1), İspniya (0:1) və Xorvatiya (1:1) yığmaları ilə “B” qrupunda mübarizə aparıb. İtalyanlar bu mübarizəni 4 xalla qrupda 2-ci olaraq başa vurublar və ələmə mərhələsinə yüksəliblər. 1/8 finalda İtaliya millisi İsveçrə yığmasına 0:2 hesabı ilə məğlub olaraq Avropa çempionu adını təslim edib və evə əliboş geri dönüb.

Norveçlə oyun İtaliya yığmasının DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində ilk sınağı idi. “Skuadra adzurra” hazırda xalsızdır və yer aldığı İ qrupunda 4-cü sırada qərarlaşıb.

Spalletti İtaliya yığmasını bütövlükdə 23 oyuna çıxarıb. Komanda bu oyunlarda 11 qələbə, 6 heç-heçə və 6 məğlubiyyət görüb.

Luçano Spalletti daha öncə “Empoli”, “Sampdoriya”, “Venesiya”, “Udineze”, “Ankona”, “Roma”, “Zenit”, “İnter” və “Napoli” kimi komandalara da rəhbərlik edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: