İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente AÇ-2024-ün qrup mərhələsinin 1-ci turunda Xorvatiya yığması üzərində qələbəni şərh edib.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Bu məqsədə çatmaq üçün çox çalışmış hər kəsə görə çox şadam. Bu komanda iddialıdır, böyük bir ailədir, ona görə də hamıya görə şadam. Amma biz ayaq üstə möhkəm dayanmalıyıq. Yaxşı başladıq, bu, bizə bir qədər inam verir, amma indi İtaliya haqda düşünməliyik.
Çox bütöv oyun keçirdik. Meydanın bütün sahələrində necə çıxış etdiyimizdən çox razıyam. Xüsusilə sevindirici haldır ki, belə bir gənc komanda oyun boyu diqqətini qoruyub saxladı”, deyə Luis de la Fuente vurğulayıb.
1-ci turdan sonra 3 xal toplamış İspaniya yığması “B” qrupunun lideridir. Digər komandalar isə belə sıralanıblar: İtaliya (3 xal), Albaniya və Xorvatiya (hər ikisi xalsız).


