“Real”ın xorvat mərkəz yarımmüdafiəçisi Luka Modriç peşəkar futbolçu karyerasında 1000-ci oyununu keçirməyə müvəffəq olub.
Arena.az məlumat verir ki, veteran futbolçu bu uğura Xorvatiyanın AÇ-2024-ün təsnifat mərhələsi çərçivəsində səfərdə Uels yığmasına qarşı keçirdiyi oyunda nail olub.
Modriç oyuna əsas heyətdə başlayıb və sona qədər meydanda mübarizə aparıb. Amma Uels yığması 2:1 hesabı ilə qalib gələrək, veteran futbolçunun yubiley kefinə soğan doğrayıb.
Beləliklə xorvatlar Türkiyə millisinin Avropa çempionatına vəsiqəni lider olaraq təmin etdiyi “D” qrupunda 3-cü pilləyə düşüblər. Uels yığması qələbə sayəsində Xorvatiya kollektivini üstələyib. Hər iki komandanın 10 xalı olmasına rəğmən, britaniyalılar şəxsi oyunlarda üstünlük hesabına qrupda daha üstün mövqe əldə ediblər. Qarşıdakı iki oyun Xorvatiya yığması üçün həlledici olsa da, komandanın taleyi daha öz əlində deyil, Uels yığması da qarşıdakı iki oyunda mütləq nəticə göstərəcəyi halda, xorvatları qabaqlamış olacaq.
Luka Modriç peşəkar futbolçu karyerası ərzində 3 klubda çıxış edib:
“Dinamo Zaqreb” – 95 oyun, 32 qol, 21 məhsuldar ötürmə;
“Tottenhem” – 160 oyun, 17 qol, 25 məhsuldar ötürmə;
“Real” – 497 oyun, 37 qol, 77 məhsuldar ötürmə.
Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasının heyətində 170 oyuna 24 qol vurub, 27 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 38 yaşlı Luka Modriçi 10 milyon avro məbləğində qiymətləndirir.