İspaniya La Liqasının “Valensiya” ilə 12-ci turdan təxirə salınmış oyunu “Real”ın xorvat yarımmüdafiəçisi Luka Modriç üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, “Real”ın 2:1 hesablı əzmkar qələbə qazandığı səfər oyununda Modriç qələbəyə 85-ci dəqiqədə vurduğu bərabərlik qolu ilə öz töhfəsini verib.
Beləliklə Modriç “Real” tarixinin ən qocaman qolçusu adına sahib olub. O, “Real”ın əfsanəvi macar hücumçusu Ferents Puşkaşın çoxillik rekordunu üstələyib.
Modriç “yarasalar”ın qapısına 39 yaş 3 ay 26 günlüyündə yol tapıb. Puşkaş isə 1965-ci ildə “Seviya”ya qarşı oyunda (1:2) Əndəlüs klubunun qapısına 38 yaş 7 ay 20 günlüyündə yol tapmışdı.
Həmçinin Modriç bu oyunda “Real”ın heyətində 561-ci oyununa çıxmaqla, “qaymaqlılar” üçün ən çox oyun keçirmiş futbolçuların ilk onluğuna daxil olub. Hazırda Modriç müvafiq pilləni 1964-1980-ci illərdə “qaymaqlılar”ın heyətində çıxış etmiş ispan keçmiş dayaq yarımmüdafiəçisi, “Pirri” ləqəbli Xose Martines Sançeslə bölüşür. “Real” üçün ən çox oyun keçirmiş futbolçu isə əfsanəvi ispan hücumçu Raul Qonsalesdir. Raul “Kral klubu”nun heyətində 741 oyuna çıxıb.
Luka Modriç 2012-ci ildən “Real”da çıxış edir. Xorvat futbolçu 2012-ci ilin avqustunda 35 milyon avro məbləğ müqabilində “Tottenhem”dən Madrid klubuna qoşulub. Modriçin İspaniya nəhəngi müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Veteran futbolçu cari mövsümdə “Real” üçün bütün yarışlarda 26 oyun keçirib, 1 qol vurub, 4 məhsuldar ötürmə verib.
Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası isə göz oxşayır: 561 oyun, 40 qol, 90 məhsuldar ötürmə.
Modriç “Real”la dəfələrlə bütün mümkün əsas klub yarışlarında qalib olub. Lukanın “Real”la qazandığı qənimətlərə 6 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 5 UEFA Super Kuboku, 4 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 5 İspaniya Super Kuboku və 1 FIFA Qitələrarası Kubok daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir. 28 qənimətlə Modriç “Real” tarixində ən zəngin futbolçudur.
Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasının heyətində 184 oyuna çıxıb, 27 qol vurub, 29 məhsuldar ötürmə verib.


