Luka Modriç “Real”ın ən “qocamanı” oldu

İspaniya La Liqasının 10-cu turunda “Selta” qarşı səfər oyunu (2:1) “Real”ı xorvat mərkəz yarımmüdafiəçisi Luka Modriç üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Modriç “qaymaqlılar”ın heyətində 39 yaş 40 günlüyündə meydana çıxmaqla, “Real” tarixinin ən yaşlı oyunçusu ünvanına sahib olub.

63-cü dəqiqədə meydana əvəzetmədən daxil olmuş Modriç cəmi üçcə dəqiqə sonra “qaymaqlılar”ın braziliyalı cinah hücumçusu Vinisius Juniora məhsuldar ötürmə verib və “Vini”nin vurduğu bu qol “Real”ın qələbəsini təmin edib.

Nəticədə Modriç “Real”ın əfsanəvi macar hücumçusu Ferents Puşkaşın rekordunu qırıb. Puşkaş “qaymaqlılar”ın heyətində son oyunun 1966-cı ildə, 39 yaş 36 günlüyündə ikən keçirib.

Oyundan sonra Modriç maraqlı açıqlaması ilə diqqət çəkib və həm də oyunu şərh edib:

“Mən yaşımın xatırladılmasını həqiqətən sevmirəm, amma bu, təsiredicidir. Bu klubun ən yaşlı oyunçusu olduğum üçün çox fəxr edirəm. “Selta”ya qarşı son dərəcə vacib qələbəyə görə də çox şadam. Ancaq eyni ruhda davam etməliyik, çünki növbədə bizi başqa oyunlar gözləyir”.

Luka Modriç 2012-ci ildən “Real”da çıxış edir. Xorvat futbolçu 2012-ci ilin avqustunda 35 milyon avro məbləğ müqabilində “Tottenhem”dən Madrid klubuna qoşulub. Modriçin İspaniya nəhəngi müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Veteran futbolçu cari mövsümdə “Real” üçün 13 oyun keçirib, 3 məhsuldar ötürmə verib.

Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası isə göz oxşayır: 547 oyun, 39 qol, 89 məhsuldar ötürmə.

Modriç “Real”la dəfələrlə bütün mümkün əsas klub yarışlarında qalib olub. Lukanın “Real”la qazandığı qənimətlərə 6 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 5 UEFA Super Kuboku, 4 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 5 İspaniya Super Kuboku daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir. 27 qənimətlə Modriç “Real” tarixində ən zəngin futbolçudur.

Luka Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasının heyətində 182 oyuna çıxıb, 27 qol vurub, 29 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 39 yaşlı xorvat yarımmüdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: