Luka Modriç Xorvatiya çempionatına mümkün qayıdışından danışdı

“Real”ın xorvat mərkəz yarımmüdafiəçisi Luka Modriç Xorvatiya çempionatına mümkün qayıdışı ilə bağlı sualı cavablayıb.

Arena.az “Index” dərgisinə istinadən, xorvat ulduzun bu barədə cavabını təqdim edir:

“Xorvatiya çempionatına qayıtmaq? Buna baxacağıq, amma indi bu barədə düşünmürəm. Mən İvan Rakitiçə görə şadam. O, qayıtdı, indi isə yaxşıdır. Onunla mütəmadi olaraq ünsiyyətdəyik. “Hayduk”, “Dinamo” və bütün digər klubları izləyirəm. Fürsət yarananda əyləncə xatirinə oyunlara da baxıram”, deyə Modriç bildirib.

Luka Modriç 2012-ci ildən “Real”da çıxış edir. Xorvat futbolçu 2012-ci ilin avqustunda 35 milyon avro məbləğ müqabilində “Tottenhem”dən Madrid klubuna qoşulub. Modriçin İspaniya nəhəngi müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Veteran futbolçu cari mövsümdə “Real” üçün 17 oyun keçirib, 3 məhsuldar ötürmə verib.

Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası isə göz oxşayır: 551 oyun, 39 qol, 89 məhsuldar ötürmə.

Modriç “Real”la dəfələrlə bütün mümkün əsas klub yarışlarında qalib olub. Lukanın “Real”la qazandığı qənimətlərə 6 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 5 UEFA Super Kuboku, 4 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 5 İspaniya Super Kuboku daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir. 27 qənimətlə Modriç “Real” tarixində ən zəngin futbolçudur.

Luka Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasının heyətində 183 oyuna çıxıb, 27 qol vurub, 29 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 39 yaşlı xorvat yarımmüdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: