Çempionlar Liqasının 1/4 finalının ilk oyununda evdə Dortmund “Borussiya”sı üzərində qələbə (2:1) Madrid “Atletiko”su üçün əlamətdar olub.
Arena.az “Squawka” dərgisinə istinadən məlumat verir ki, Dieqo Simeonenin çalışdırdığı müddətdə Madrid “Atletiko”su Çempionlar Liqasının final mərhələsinin ələmə oyunlarında evdə bir dəfə də olsun, məğlubiyyət yaşamayıb.
Bu, 2011-ci ildən bəri müddəti əhatə edir. Bu müddət ərzində “Atletiko” “Visente Kalderon” və “Metropolitano” stadionlarında meydan sahibi olaraq Çempionlar Liqasının final mərhələsi çərçivəsindəki ələmə görüşlərində 17 oyun keçirib, 11 qələbə qazanıb və 6 heç-heçə edib. Top fərqi isə sadəcə uçurum yaradır – 15 qolluq müsbət fərqlə 20:5 nisbəti.
Aprelin 16-da Çempionlar Liqasının 1/4 finalının cavab oyununda evdə Dortmund “Borussiya”sı Madrid “Atletiko”sunu qonaq edəcək. Oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.


