Madrid “Real”ı federasiyaya hakimdən şikayət ünvanladı

Madrid “Real”ı hakim Xuan Martines Munueradan İspaniya Kral Futbol Federasiyasına (RFEF) şikayət ərizəsi ünvanlayıb.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir.

“Kral klubu”, “Real”ın “Osasuna”nı səfərdə 4:2 hesabı ilə məğlub etdiyi oyunda görüşün baş hakimi Xuan Martines Munueranın davanışından narazıdır.

Xatırladaq ki, oyun zamanı “Osasuna” azarkeşləri tribunalardan “Real”ın braziliyalı hücumçusu Vinisius Juniorun ünvanına “Vinisius, öl!” qışqırmaqla yanaşı, irqi təhqirlər səsləndiriblər. “Real”ın futbolçuları hakimin diqqətini bu məqamlara yönəltməyə çalışsalar da, “Real”ın mövqeyinə görə, baş hakim Xuan Martines Munuera könüllü və bilərəkdən bu təhqirlərə göz yumub.

Bundan başqa, “Real” İdmanda Zorakılıq, İrqçilik, Ksenofobiya və Dözümsüzlüklə Mübarizə üzrə Dövlət Komissiyasına da müvafiq şikayət ərizəsi ünvanlayıb.

Xatırladaq ki, daha əvvəl, Madrid “Real”ı müvafiq davranışlara, xüsusən irqi zəmində təhqirlərin təzahürünə qarşı güzəştsiz mövqe tutacağını açıqlamışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: