Mahir Emreli Almaniya klubunda – Rəsmi

Bir neçə gün öncə Xorvatiyanın “Dinamo” (Zaqreb) klubundan ayrılan Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Nürnberq”ə keçib.

Arena.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu yeni klubu ilə 1 illik sözləşmə imzalayıb. Onun müqaviləsinin müddəti mövsümün sonunda artırıla bilər.

Mahir Almaniya klubuna keçidi barədə fikirlərini bölüşüb. O, 2-ci Bundesliqa təmsilçisinə transferi barədə klub saytına açıqlamasında bunları söyləyib:

“Şüurlu şəkildə bu ölkəyə köçməyə qərar verdim. Son bir neçə gün ərzində ərazi və ətraf haqqında yaxşı təəssürat əldə edə bildim. Tez sağalmağım üçün klubda hər cür şərait mövcuddur. Tezliklə meydana qayıtmaq üçün əlimdən gələni edəcəyəm. “Nürnberq”də çıxış edəcəyim vaxtı səbirsizliklə gözləyirəm”, – deyə 27 yaşlı hücumçu bildirib.

Qeyd edək ki, “Nürnberq” Almaniyanın ikinci Bundesliqasında mübarizə aparır. Sözügedən komanda 2024/2025 mövsümünün ilk turunda səfərdə “Karlsrue” ilə qarşılaşıb və 2:3 hesabıyla uduzub. Mahirin yeni komandasına ötənlərin məşhur hücumçusu, Almaniya yığmasının sabiq forvardı Miroslav Kloze baş məşqçilik edir. Bu komanda Bundesliqanın 2-ci turu çərçivəsində avqustun 10-da “Şalke”ni qəbul edəcək.

Xatırladaq ki, Mahir Emreli 2022-ci ilin fevral ayından Zaqreb “Dinamo”sunda çıxış edirdi. O, Xorvatiya nəhənginə Polşanın “Legiya” (Varşava) klubundan transfer olunmuşdu. Mahir Zaqreb təmsilçisinin heyətində bütövlükdə 47 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Mahirin Xorvatiya klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi vardı. Azərbaycanlı futbolçu bu komanda ilə 3 dəfə Xorvatiya çempionu olub. Bundan əlavə, Mahir bir dəfə Xorvatiya Kubokunun, bir dəfə də Xorvatiya Super Kubokunun qalibi adını qazanıb.

Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 46 oyunda 5 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: