Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün Almaniyanın “Nürnberq” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu Almaniya İkinci Bundesliqasının 11-ci turu çərçivəsində baş tutan “Hamburq”la matçın iştirakçısı olub.
Nürnberqlilər səfərdə baş tutan bu oyundan heç-heçə ilə ayrılıblar – 1:1. Mahir start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da məhz Mahir vurub. O, 63-cü dəqiqədə fərqlənib. Bu, onun Almaniya çempionatında üçüncü qolu olub. Mahir “Nürnberq”in heyətində “Qroyter Fürt” və “Yan Regensburq”la çempionat oyunlarında da qol vurmuşdu. Bütövlükdə isə azərbaycanlı futbolçu ardıcıl dörd oyundur “Nürnberq”in heyətində qol vurur. O, bir neçə gün öncə Almaniya kuboku çərçivəsində “Hoffenhaym”a qarşı keçirdikləri oyunda da qol vurmuşdu.
“Nürnberq” 11 oyuna topladığı 17 xalla hazırda 18 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Baş məşqçisi Miroslav Kloze olan komanda bu mövsüm 5 qələbə qazandığı halda 2 heç-heçə edib, 4 oyunda məğlubiyyətə üzülüb.
“Nürnberq” növbəti matçını noyabrın 8-də evdə “Kayzerslautern”ə qarşı keçirəcək.
Mahir Emreli bu il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində 7 rəsmi matça çıxıb, 4 qol vurub.
“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 48 oyunda 5 qol vurub.


