Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Xorvatiya çempionatının 3-cü turu çərçivəsində “Qoritsa” klubu ilə qarşılaşıb.
Doğma meydanda baş tutan bu oyun Zaqreb təmsilçisinin xal itkisi ilə başa çatıb. Tərəflər meydanı qolsuz tərk ediblər – 0:0.
Mahir bu matça ehtiyat oyunçular skamyasında başlayıb. Son oyunlarda ardıcıl qollar vuran azərbaycanlı futbolçu yalnız 78-ci dəqiqədə meydana buraxılıb və bu dəfə fərqlənə bilməyib.
Son Xorvatiya çempionu olan “Dinamo” 3 turdan sonra 4 xalla 10 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 27 matça çıxıb, 6 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.


