Mahir Emreli zədələndi – “Qoritsa”ya qarşı oynamaya bilər

Futbol üzrə Azərbaycan milli komandasının və Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun hücumçusu Mahir Emreli zədələnib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Sergey Yakiroviç bu gün baş tutan mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, 26 yaşlı hücumçu ötən gün baş tutan məşqdə top uğrunda mübarizə zamanı baldırında ağrı hiss edib. Ancaq baş məşqçi vəziyyətin ciddi olmadığını söyləyib:

“Bu, əsasən fiziki yorğunluqla əlaqədardır. Fikrimcə, Emrelinin durumu yaxşı olacaq”.

“Dinamo” Xorvatiya çempionatının 12-ci turunda oktyabrın 21-də “Qoritsa”nın qonağı olacaq. Son Xorvatiya çempionu olan Zaqreb təmsilçisi 11 turdan sonra 19 xalla 10 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 38 matça çıxıb, 8 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 44 oyunda 5 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: