Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) Xorvatiya çempionatında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən kollektiv ölkə çempionatının 27-ci turu çərçivəsində “Rudes”lə qarşılaşıb.
Səfərdə baş tutan bu oyun “Dinamo”nun qələbəsiylə yekunlaşıb – 3:0. Mahir Emrelinin komandası hər üç qolu fasilədən sonra vurub.
Azərbaycanlı futbolçu bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə Xorvatiya çempionatında 4 qol və 3 məhsuldar ötürməsi olan Emreli zədəli olduğu üçün komandasına kömək edə bilməyib. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
Son Xorvatiya çempionu olan “Dinamo” 27 turdan sonra 54 xalla 10 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var. Lider “Riyeka” 59, 2-ci pillədə olan Split “Hayduk”u isə 55 xal toplayıblar.
Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 45 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 46 oyunda 5 qol vurub.


