Mahir Emrelinin komandası finala yüksəldi

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) Xorvatiya kubokunda növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən kollektiv ölkə kubokunun yarımfinal mərhələsi çərçivəsində Split “Hayduk”u ilə qarşılaşıb.

Səfərdə baş tutan bu oyun “Dinamo”nun qələbəsiylə yekunlaşıb – 1:0. Mahir Emrelinin komandası 14-cü dəqiqədə vurduğu yeganə qol sayəsində finala yüksəlib.

Azərbaycanlı futbolçu bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə Xorvatiya çempionatında 4 qol və 3 məhsuldar ötürməsi olan Emreli zədəli olduğu üçün komandasına kömək edə bilməyib. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

Son Xorvatiya çempionu olan “Dinamo” finalda “Riyeka” ilə qarşılaşacaq. Hansı ki, bu komanda yarımfinalda Zaqrebin digər təmsilçisi “Lokomotiva” üzərində 1:0 hesablı qələbəyə sevinib.

Xorvatiya Kubokunda final iki oyundan ibarətdir. Komandalar mayın 15-də Zaqrebdə üz-üzə gələcəklər. Cavab görüşü isə mayın 30-da “Riyeka”nın meydanında keçiriləcək.

Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 45 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 46 oyunda 5 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: